Bizə sarı
Qülzümdən atlanıb qırx yol keçərəm, Əgər ki meyl etsə yar bizə sarı, Qədəm nə ki, qanad taxıb uçaram, Desə dilbər: «Aşiq, yür bizə sarı!»
Qırx il kəmərbəstə, qulluğa girəm, Altı gün görmərəm altmış il duram, Bir gözəl yar ola, canımı verəm, Camalın ərz edə bir bizə sarı.
Nə elə üzüm var oxşasın aya, Nə ayrı evim var bənzər saraya, Ulu tanrım qoymaz betər bəlaya, Açar dərgahından dər bizə sarı.
Göründü bir kişi dəsti şərablı, Yeldən canamazlı, sudan mehrablı, Əyni ağ ridalı, yaşıl niqablı Uğradı bir əcəb ər bizə sarı.
Yoldaş olub ona yürdüm bir meydan, Meydan içrə dolub oturmuş mərdan, Bir eyvan üstündə mənə dörd yerdən Dedilər: «Əlini ver bizə sarı».
«Hardasan?» deyərək əlim tutdular, «Fəraqi!» deyərək nərə etdilər, Bədənimi altmış parə etdilər, Dedilər: «Mərd olsan, dur bizə sarı».
Məxdumqulu, beş gün işrət sürməyə, Yer deyildir əylənməyə, gülməyə, Qərarım yox oturmağa, durmağa, Ağzın açıb durmuş yer bizə sarı.