Əsas məzmuna keç

Qoşma

Bizə

Zəlimxan Yaqub

1

Çıxartsan yadından kəndi-kəsəyi, Nə deyər tüstülü bacalar bizə. Ağsaqqal, ağbirçək qədri bilməsək, Çətin qismət olar ucalar bizə.

Nə yağış qorxudar, nə qar, nə dolu, Getsək babaların getdiyi yolu. Qəlbimiz tox olar, sinəmiz dolu, Nağıl danışanda qocalar bizə.

Şəfa qaynağıdı o dağ, o binə, Eldən söz düşəndə qabarır sinə. Əlli yol dünyanı dolansaq, yenə Fəsəli bişirən sac olar bizə.

Aranda sevgilim sərin səhərdi, Yaylaqda həmdəmim qaşqa kəhərdi. Ad alıb, onsuz da şəhər şəhərdi, Kəndin şəhər adı tac olar bizə.

1972, 3 dekabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.