Əsas məzmuna keç

Bağlama

Bizdən salam olsun arif olana

Aşıq Ələsgər

1

Bizdən salam olsun arif olana, Haqq nə gündə xəlq eylədi dünyanı? Yer ilə göy nə saatda bəhs etdi? Yer nə üstə bəndə saldı asmanı?

Asman nə istədi bari-xudadan? Xuda nə əmr etdi ərşi-əladan? Kim idi gəldi, kimi apardı haradan? Nə surətdə gördü Məscid-Əqsanı?

Nə ab ilə orda aldı dəstəmaz? Neçə rükət əda eylədi namaz? Neçə kimsənəyə oldu pişnamaz? Onlar baqidimi, olubmu fanı?

Tez verəsən bu sözlərin isbatın; Nədəndi binası Abi-Həyatın? Hardadı məqamı Mələk əl-movtun? Nə tövr ilə alır insandan canı?

Bu təzə kəlamdı, olsun yəqini, Kəbə - qibləm, dinim - Məhəmməd dini, Atam Alməmməddi, Göyçə sakini, Adım Ələsgərdi, yaxşı bir, tanı!

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.