Əsas məzmuna keç

Qoşma

Bizdən nə qalacaq

Zəlimxan Yaqub

1

Bülbüllər insandan qabağa düşüb, Bütün nəğmələri oxuyub gedib. Allahın əliylə yaşıl çəmənlər, Bütün xalıları toxuyub gedib.

Qara qarışqalar qara torpağı, Bizdən qabaq əkib, dən götürüblər. Bizdən əvvəl uçub uca göylərə, Qartallar meydanı gen götürüblər.

Çiçək dəstə-dəstə, gül tabaq-tabaq, Hər arı özünə bir şan bağlayıb. Adəmnən irəli, Həvvadan qabaq, Arı bal eşqinə dastan bağlayıb.

Baxıram səhranın genişliyinə, Nələri görürəm qumda, nələri. Səhra dastanını nə gözəl yazıb, Bu qum zərrələri, qum dənələri.

Dünyanın bu qədər zənginliyinə, Nizami mat qalıb, Homer mat qalıb. İnsan nə yaradıb uçub dağılıb, Allah nə yaradıb salamat qalıb.

Oğulsan hava çal, təzə görünsün, Bütün havaları çalıb gediblər. Ölməzdi, itməzdi ozan Dədələr, Tarixin yadında qalıb gediblər.

Ağılla, idrakla insan oğlunu, Doydurub gediblər, doyub gediblər. Bütün xəzinələr dahilərindi, Bizləri əliboş qoyub gediblər.

Bizim getdiyimiz cığırın, yolun, Harda qurtaracaq sonu, bilmirəm. Tanrı töhfəsidi bizə qalanlar, Bizdən nə qalacaq, onu bilmirəm.

Yalta, 2010, 25 iyun

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.