Əsas məzmuna keç

Heca şeiri

Biz niyə sevməyək bir-birimizi

Zəlimxan Yaqub

1

Yer göyü, dağ dağı, daş daşı sevdi, Tanrı naxış vurdu, nəqqaşı sevdi. Göz gözə boylandı, qaş qaşı sevdi, Biz niyə sevməyək bir-birimizi.

Çəmənlər torpağa xalı çəkirsə, Xalıda yaşılı, alı çəkirsə, Arı çiçəklərdən balı çəkirsə, Biz niyə sevməyək bir-birimizi.

Ulduzlar sayrışıb göz vurur Aya, Çeşmələr çağlayıb tökülür çaya. Sevənlər gəlirsə hər gün dünyaya, Biz niyə sevməyək bir-birimizi.

Gül şehdən güc alır, mamır qayadan, Köz oddan qızarır, çiçək həyadan, Süzülüb gəlirsə kökdən, mayadan, Biz niyə sevməyək bir-birimizi.

Ömür göz qırpımı, fürsət azdısa, Könül son nəfəsdə sınan sazdısa, Uçub əlimizdən gedən yazdısa, Biz niyə sevməyək bir-birimizi.

Ömrün həm sevinci, həm ahı varsa, Pərvanə yanğısı, şam ahı varsa, Adəmin cənnətdə tamahı varsa, Biz niyə sevməyək bir-birimizi.

Yağış gözəllərin öpür üzünü, Damla pıçıltıyla deyir sözünü, Şəlalə qayadan atır özünü, Tufan dağı sevir, dalğa dənizi, Biz niyə sevməyək bir-birimizi.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.