Bitmədi ki, bitmədi
İnşallah, bitər dedik bu ağrılar, acılar. Nə amanlar, nə ahlar, bitmədi ki, bitmədi. Nə dərdi yoxa çıxdı, nə namərdi tükəndi, Bağışlanmaz günahlar bitmədi ki, bitmədi.
Ömrü üzdü, çürütdü, gözdən axan yaş yedi, Gül kimi bədənləri torpaq yedi, daş yedi. Milləti müharibə, insanı savaş yedi, Bu yırtıcı tamahlar bitmədi ki, bitmədi.
Qol açdıq, əl uzatdıq neçə ulu dərgaha, Tapammadıq məlhəmi, dərd ucuz, dərman baha. Nahaq ümid bağladıq ümidsiz bir sabaha, Ömür bitdi, sabahlar bitmədi ki, bitmədi.
2001, 20 yanvar Altıağac