Biri “Sin”
İsmin üç hərifdi, ay çeşmi-xumar, Biri "mim"di, biri "nun"du, biri "sin". Həsrətindən yüz min gizlin dərdim var, Kimsəm yoxdu, açam deyəm birisin.
Saldın məni atəşə hey, nara* hey, Gözüm ağlar, dilim çəkər nara** hey. Müştəriyəm, dost, qoynunda nara hey, Bimürvət, satmırsan, alam birisin.
Siyah zülfün nə tökübsən yana sən?! Ya hurisən, ya pərisən, ya nəsən? Demədim ki, eşq oduna yanasan, Mən dedim ki, dur qıraqdan bir isin.
Ələsgərin yaz sözlərin varağa, Yuyar qəssal, bükər qəddin var ağa. Bu səfərdə üç ehtiyat var, ağa; Biri mizan, biri sirat, biri sin.