Birə
Qanlıda* qonaq qalanda Canıma sataşdı birə; Bədənimi elə yandırdı, Deyəsən ataşdı birə; Günümü ah-vay elədi, Gözümü qan-yaşdı birə; Əl atdım, birini tutam, Bacarmadım, qaşdı birə.
Axşamdan dəstə-dəstə Gəlib yatağa doldular; Daraşdılar köynəyimə, Başdan-ayağa doldular; Kimi şalvara, sertoya, Kimi papağa doldular; Sayın, hesabın bilmədim, Gördüm həddən aşdı birə.
Bu yan - o yana dönməkdən Daha məndə can qalmadı; Əynimdə tuman, köynək, Üstümdə yorğan qalmadı; Soydular göy zəli tək, Bədənimdə qan qalmadı; Həm sağdan, həm soldan Zənbur kimi saşdı birə.
Durdum, çırağı yandırdım, Hərə bir yana qaçdılar; Axtardım, tapammadım, Dalda-pünhana qaçdılar; Kimi yastığa, döşəyə Kimi yorğana qaçdılar; Burnu biz, qarnı xaşal, O neyvət, pis başdı birə.
Qoymadılar bir sökənəm, Durdum ayağa qaçmağa; Dörd tərəf qonşulara, Sola, ya sağa qaçmağa; Tüstülüdən* pünhan keçib, Qızılbulağa** qaçmağa; Tökülüb yolu kəsdilər, Gör nə tufan aşdı birə.
Gördüm ki, bacarmıram, Açıldım, aşkara dedim;
Hay saldım Qanlıya gecə, İstəyən dostlara dedim, Qoymayın, birələr məni Çəkəcədi dara!- dedim; Gələndə harayçılar Yolda qabaqlaşdı birə.
Yazıq Ələsgər deyər, Birə məndə qoymadı can; Sübhədək cəng elədim, Əllərindən çəkdim aman; Eşitdi gəldi haraya Qızılbulaqlı Qəhrəman; Yetişəndə acıqlandı, Dedi: nə savaşdı, birə?!