Əsas məzmuna keç

Qoşma

Bircə söz de

Zəlimxan Yaqub

2

Səni qorxutmasın dedi-qodular, Yüzü yüz söz desin, sən bircə söz de. Mən sənin başına dönüm, dolanım, Sən mənim başıma dön, bircə söz de.

Səndən gözləyirəm o sözü, səndən, Çıxart ağlı başdan, ruhu bədəndən. Ümid toxumunu aparma məndən, Cücərsin qəlbimdə dən, bircə söz de.

Gözəllik şahıtək çıxmısan taxta, Yazan səni yazsın qismətə, baxta. Sən dağlar başında, mən dar ayaqda, En mənim yanıma, en, bircə söz de.

Qəlbim közə döndü, ürəyim şama, Sevgisiz kim çatıb arzuya, kama. Səni and verirəm gələn axşama, Əyildi dağlardan gün, bircə söz de.

Ömrümə nur payla, ömür-gün tapım, Dünya sevincini birə-min tapım. Dinlərin içində təzə din tapım, Ay dinim-imanım, din, bircə söz de.

2007, 20 may

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.