Bircə dəfə baxsana
Bezmisənmi dünyadan, Yoxsa gözün toxdumu. Meylin yoxdu, neyləyim, İnsafın da yoxdumu? Səni Allah bilənə, Bir nəzərin çoxdumu? Qaynar bulağa dönüb Süzülsənə, axsana, Kirpiyini qaldırıb Bircə dəfə baxsana.
Nə arada pıçıltı, Nə qeybət, him-cim oldu. Səndən ötrü ürəyim Titrəyən bir sim oldu. O simi inildədən Gör axırda kim oldu. Gözmü dəydi gözünə, Qarğadımı haqq sənə, Kirpiyini qaldırıb Bircə dəfə baxsana.
Gözlərin həyat verər, Üstə gül bitər daşın. Öldürməksə məqsədin, Daşın, fikrindən daşın. Qalın buludlar kimi Niyə çatılıb qaşın? Həsrətimə od vurub Şimşək olub çaxsana, Kirpiyini qaldırıb Bircə dəfə baxsana.
Mən sənə sinəm üstə, Dil-dil ötən saz dedim. İlk görüş qışa düşdü, Taleyimə yaz dedim. Yüz il yara can desəm, Yenə azdı, az dedim. Arzum, eşqim, xəyalım, Ah! Nə deyim ah, sənə! Ağrıyarmı gözlərin, Bircə dəfə baxsana.