Bir yuxu görürdüm...
Yoluna düşmüşdü bütün işlərim, Bilmirdim nizamı pozulacaqmış. Bir yuxu görürdüm, səadət idi, Sən demə, tərsinə yozulacaqmış.
Bir yuxu görürdüm, yuxu nə yuxu, Bənzətmə tapılmaz şirinliyinə. Bilmədim dünyanın harasındayam, Endim nəşələrin dərinliyinə.
Səni coşqunluqda, səni hünərdə Şəlalə az olar, çay az olardı. Ən dərin dənizin adını çəksəm, Eşqinin yanında dayaz olardı.
Bir yuxu görürdüm, razıydı atan, Elçilər söz verib, söz almışdılar. Mənə gözüm seçən, könlüm istəyən, Mənə sənin kimi qız almışdılar.
Bir yuxu görürdüm, çalınırdı toy, Min səs qarışmışdı neyin səsinə. Yuxuda səadət, həyatda dəhşət, Bax insan ömrünün mənzərəsinə.
Bir ağac budağı yaylı çarpayı, Kölgəsi müqəddəs otağınıydı. Olsa da gecənin rəngi süd kimi, Qaymağı, şübhəsiz, dodağınıydı.
Yoluna düşmüşdü bütün işlərim, Bilmirdim nizamı pozulacaqmış. Bir yuxu görürdüm, səadət idi, Sən demə, tərsinə yozulacaqmış.
1974, 17 mart