Əsas məzmuna keç

Heca şeiri

Bir Şuşalı gördüm

Zəlimxan Yaqub

1
Bu şeirin qəhrəmanı Şuşa həsrətli qardaşım Novruz müəllimə

Bir şuşalı gördüm, kaş görməyəydim, Əsirdi çənəsi, əsirdi əli. Mən necə görmüşdüm onu Şuşada, Yadıma gətirdim on il əvvəli.

Ruhunda Şuşanın şuxluğu vardı, Qaya arxasıydı, daş yaxasıydı. Eşqinin gücünə daş aşırası, Qolunun gücünə dağ yıxasıydı.

Çaylardan güc alan gur səsi vardı, Enli kürəyində nər gizlənərdi. Batardı ətrinə Cıdır düzünün, Nəfəsi gül olub nərgizlənərdi.

Səhər küləyində, axşam mehində, Sevinc sellənərdi, axın olardı. Şuşa dağ başıydı, orda bu kişi, Allaha bir az da yaxın olardı.

İndi gör nə gündə, gör nə kökdədi, Allahdan aralı, bəndədən uzaq. Gözündə, könlündə sönən arzular, Ruhunda üşütmə, canında sazaq.

Bir şuşalı gördüm, kaş görməyəydim, Əsirdi çənəsi, əsirdi əli. Dayandım önündə günahkar kimi, Üzü tüpürcəkli, gözü kölgəli.

Gizləmək istədi özünü məndən, Titrəyən əlini cibinə saldı. Bu görüş – faciə mənim ömrümü Qırx arşın quyunun dibinə saldı.

Əl necə titrəməz, baş necə əsməz? Ürək pul-pul olmuş şüşə kimiydi. Yerinə-yurduna kotan çəkilmiş, Qovrulub kül olmuş meşə kimiydi.

Əlləri arxada gizləmək olar, Titrəyən başını harda gizləsin? Yurdun həsrətini hayana qoysun, Gözünün yaşını harda gizləsin?

Birdimi, yüzdümü, mindimi, Allah, Bu gün əli əsən, başı titrəyən? Ocağı qaralan, çırağı keçən, Dağı dağ-dağ olub, daşı titrəyən?

Necəsən deməyə dilim gəlmədi, Gördüm əhvalını, necədi, gördüm. Cavanca yaşında qoca bir kişi, Gündüzün içində gecədi gördüm.

Ona sual vermə, ay onu görən, Sən onun dağ boyda şəhərini ver. Cıdıra çıxmağa Cıdır düzündə, Qızıl üzəngili yəhərini ver.

Ona salam vermə, ay onu görən, Əvvəlki gücünü, qüvvətini ver. Çatırsa hünərin, çatırsa gücün, Düşdüyü günlərin qiymətini ver!

Gözüm kor olaydı, şuşalı qardaş, Sənin gözlərində yaş görməyəydim. Zəlimxan öləydi mayın birində, Mayın 9-nu kaş görməyəydim!

1996, 30 noyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.