Bir şair “dostuma”
Qardaş, mən də bu torpağın oğluyam, Elə bilmə çox uzaqdan gəlmişəm. Əzizlərin, doğmaların dostuyam, Nə ögeyəm, nə qıraqdan gəlmişəm.
Üzdən iraq yad qazanda bişmisən, İsti vurub, tuluxlayıb şişmisən. Sən zənbillə göydən yerə düşmüsən, Mən ahımla enib haqdan gəlmişəm.
Neçə dəfə buzdan, qardan çıxmışam, Min sınaqdan, min bir dardan çıxmışam. Sıldırımlı qayalardan çıxmışam, Diş göynədən buz bulaqdan gəlmişəm.
Kişi pozmaz ilqarını, əhdini, Saya salmaz müxənnətin cəhdini. Çəmən-çəmən çiçəklərin şəhdini, Süzə-süzə bal, qaymaqdan gəlmişəm.
Səyirtmişəm babaların atını, Tanımışam nişanını, zatını. Öyrənmişəm yerin yeddi qatını, Qədirbilən bir ocaqdan gəlmişəm.
Əsən yellər qanad verib, qol verib, Coşan sellər çağlamağı bol verib. Qarlı dağlar sinəsindən yol verib, Gen ətəkli göy yaylaqdan gəlmişəm.
Sədasından çox yatanlar ayılar, Halal ilham haqq vergisi sayılar. Dalğa-dalğa yer üzünə yayılar, Bir nəğməyəm, min dodaqdan gəlmişəm.
Küt getdisə, çörək olmaz kündədən, Göyə çıxsa, Allah olmaz bəndədən. Ha səpirsən, heç göyərmir səndə dən, Mən zəmili bir oylaqdan gəlmişəm.
Mən qırmışam bulaqların buzunu, Sən udmusan varaqların tozunu. Nəyə gərək söz-söhbətin uzunu, Sən kitabdan, mən torpaqdan gəlmişəm.