Əsas məzmuna keç

Heca şeiri

Bir səni sevirəm, bir də həyatı

Zəlimxan Yaqub

1

İstər sevinc olsun, istər qəm olsun, Dünyanın hər yeri cəhənnəm olsun, Sənin eşqin ilə gəldi dünyaya Sinəmdən süzülən qoşma, bayatı, Bir səni sevirəm, bir də həyatı.

Sevgim Peyğəmbərim, eşqim Allahım, Sevgiyə nökərəm, sevgidi şahım. Sevda yolçuları yola çıxanda, Yorulmaz köhləni, yorulmaz atı, Bir səni sevirəm, bir də həyatı.

Dağ varmı, önündə əyməsin başı, Daş varmı, gözünün axmasın yaşı. Sevginin əbədi səcdəsindədi, Göylərin qübbəsi, yerlərin qatı, Bir səni sevirəm, bir də həyatı.

Həm qışım, həm yayım, həm yazım oldun, Qibləmə çevrildin, namazım oldun. Hər kim üz döndərsə öz Allahından, Çürükdür mayası, qırıqdır zatı, Bir səni sevirəm, bir də həyatı.

1998, 30 mart

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.