Bir qocanın gileyi
Hamının dadına çatan bir adam Heç kəsin yadına düşmürsə indi, Süfrəsi açılıb, çayı süzülüb, Xörəyi vaxtında bişmirsə indi, Fələk tənhalığa atırsa onu, Ancaq qapısını külək açırsa, Ağrılar, acılar növbəyə durub Başına min cürə kələk açırsa, Oxuyun o kəsin “Fatihə”sini.
Günəşi dönürsə buz parçasına, Onunçün Gün doğub, dan atmırsa da, Ölümdən savayı, qəbirdən özgə Heç yerə, heç nəyə can atmırsa da, Əlini öpənlər əlindən bezib Hörmətə əl yeri qoymadılarsa, Xoş üzlə, xoş sözlə könlünü alıb, Dinməyə dil yeri qoymadılarsa, Oxuyun o kəsin “Fatihə”sini.
Elə ki, soyuyur doğması, yadı, Yaxın bir adamı dadına çatmır, Orucu, namazı, xeyir-duası, Allahın kəlamı dadına çatmır, Oxuyun o kəsin “Fatihə”sini.
2009, iyul