Bir qız gözlərində Günəş doğurdu
Duyğular qəlbinə düşüb dən kimi, Sevgi çiçəkləri əkirdi bir qız. Arılar güllərdən bal çəkən kimi, Sevgini canına çəkirdi bir qız, Bir qız gözlərində Günəş doğurdu.
Dodağı qaçmışdı tumurcuqların, Düymələr saçılıb dağılmışdılar. Bütün yer üzünün gözəllikləri, Sanki, tamaşaya yığılmışdılar, Bir qız gözlərində Günəş doğurdu.
Bir insan ömrünə bahar gəlirdi, Dünya nərgizlənir, lalələnirdi. Üzündə titrəşir nur zolaqları, Gözündə işıqlar şölələnirdi, Bir qız gözlərində Günəş doğurdu.
İllərlə içində itən bir səsi, Eşq adlı ocaqda, pirdə tapırdı. Göyə ehtiyacı yox idi onun, Göydəki Günəşi yerdə tapırdı, Bir qız gözlərində Günəş doğurdu.
Yaman vurulmuşdu yaratdığına, Bığ yeri təzəcə tərləyən dünya. Sevginin başına dönüb, dolanıb, Sevgini başına hərləyən dünya. Dünyada təzə bir atəş doğurdu, Bir qız baxışında Günəş doğurdu.