Əsas məzmuna keç

Heca şeiri

Bir ovuc torpaq

Zəlimxan Yaqub

1
Bu şeirin ilk dinləyicisi Həsən Əziz oğlu Həsənova

Qulaqlarım sükutun, səssizliyin pasında, Gözlərim ayrılığın nisgilində, yasında. Qalmışdım Qərib kimi yolun tən ortasında, Səs gəldi qulağıma: yaxşı-yaxşı bax, götür, Atımın dırnağından bir ovuc torpaq götür!

Arxadan Xızır adlı, xilaskar atlı gəldi, Yetişdi harayıma, nurdan qanadlı gəldi, Yorğun yolçuya dünya şəkərdən dadlı gəldi. Əmr eylədi, qəlbini oda, közə yax, götür, Atımın dırnağından bir ovuc torpaq götür!

Aşiqlik yollarında haq verən dərsi keçdim, Çıxdım oddan-alovdan, əridi qar, su, keçdim. Yaxaladım Tiflisi, addadım Qarsı keçdim, Səs gəldi qulağıma: səsdən qanad tax, götür, Atımın dırnağından bir ovuc torpaq götür!

Evdə səni gözləyən kor olmuş bir ana var, Canında can yanğışı, qəlbində qəmxana var, Əriş-arxacı solmuş, sökülmüş bir xana var. Ovcunu qayalara şimşək kimi çax, götür, Atımın dırnağından bir ovuc torpaq götür!

Yanımda bir kimsə yox, bu səs hardan gəlirdi, Hansı eldən-obadan, nə diyardan gəlirdi? Bəlkə, buluddan qopub, səmalardan gəlirdi. O səs mənə deyirdi: haqqa əyil, haqq götür, Atımın dırnağından bir ovuc torpaq götür!

Bu səs torpaq həsrəti görənlərin səsiydi. Bu səs torpağa bağlı ərənlərin səsiydi. Görürdüm o torpağı, baxdım onun rənginə, Bu dünya gözlərimdə döndü gül çələnginə. Qəriblər qürbət eldən döndü, vətənə döndü, Yetişdi göy zəmilər, sünbüllər dənə döndü. Əllərimin içində yaz dindi, qış danışdı, Doğan günəş, düşən nur, yağan yağış danışdı. Qürbətim vətən oldu, yurdum-yuvam dəyişdi, Bir az içim duruldu, bir az havam dəyişdi. Yol çəkən gözlərimin qarasıydı, ağıydı, Götürdüyüm o torpaq Borçalı torpağıydı!

* * *

Anamın gözlərinin dərmanı, sürməsiydi, Çeşmənin zümzüməsi, çayın hönkürməsiydi. Tarixin həqiqəti, həqiqətin səsiydi, Qorqud nəfəslilərin oxuduğu dualar, Oğuz ərənlərinin isitdiyi yuvalar, Qopuz qoruyanların yaşatdığı havalar, Bir xalqın, millətin yox, bir dünyanın bəsiydi. Ruhum ölməz ruhların sağlamıydı, sağıydı. Götürdüyüm o torpaq Borçalı torpağıydı!

* * *

Qaladığım ocaqda yollar qızınmamışdı, Hələ Sınıq körpünün ürəyi sınmamışdı. Yağlıcadan Loruya dərdimizin dərmanı, Nə Nadir şah var idi, nə də şahın fərmanı. İndi mənim olmayan o zaman mənim idi, Suyum, havam, çörəyim, sünbülüm, dənim idi. Qarayazı, Qaraçöp çölüm, çəmənim idi, Südüm, sümüyüm, mayam, ruhum, bədənim idi. Şeyx Sənan dağları, Başkeçid yaylaqları, Gümrünün bulaqları, Ürəyimin təpəri, gözlərimin yağıydı. Götürdüyüm o torpaq Borçalı torpağıydı!

Yolu uzun, dolaşıq, qisməti az, bəxti kəm, Canda yolların tozu, ürəkdə dərd, gözdə nəm. İllər həsrəti çəkdim, mən Qərib, o Şahsənəm, Qəlbimizin qubarı, sinəmizin dağıydı. Götürdüyüm o torpaq Borçalı torpağıydı!

* * *

Tarixə pərdə çəkib, adını dəyişdilər, Aşına ağı qatıb, dadını dəyişdilər. Doğmasına yad deyib, yadını dəyişdilər. Qəmgin edib, qəm verib, şadını dəyişdilər. Onda hələ o yurdun bəxtəvərlik çağıydı, Götürdüyüm o torpaq Borçalı torpağıydı!

Onda hələ Göyçətək gözüm tökülməmişdi, Onda hələ Şuşatək qəddim bükülməmişdi. Onda Qarabağ kimi bağrım sökülməmişdi. Onda hələ yağılar üstümə gülməmişdi. Soyum Qıpçaq soyuydu, dağım Tanrı dağıydı. Götürdüyüm o torpaq Borçalı torpağıydı.

2003, 18 may

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.