Bir olmur
Dostum, gileylənmə yaddan, yaxından, Əzəldən belədir, hamı bir olmur. Hər kəsin evinin öz qibləsi var, Çırağı bir olmur, şamı bir olmur.
Zaman dövr eləyir hər axşam-səhər, Bir günü bal olur, bir günü zəhər. Birində sevinc var, birində qəhər, Hər günün ləzzəti, tamı bir olmur.
Zəlimxan söyləsin, bil, yavaş-yavaş, Bir yerdə olarmı ayaq ilə baş. Birində nəm hava, birində daş-qaş, Həyatın sarayla damı bir olmur.
1971, 25 sentyabr