Əsas məzmuna keç

Satirik şeir

BİR NƏFƏR DOSTA YAZILAN ZARAFATDIR

Seyid Əzim Şirvani

2

Alicaha, qənimin qadiri-sübhan olsun, Qəzəb ayatı sənə ayeyi-Quran olsun.

Səni suzan eləsin ayeyi-fihün fihi, Mənzilin ruzi-cəza əsfəli-niran olsun.

Düşəsən dur görüm sən bu imarətlərdən. Yatacaq yer sənə bir künci-dəyirman olsun.

Ay ötə, həftə ötə, heç dilüvə dəyməyə ət, Bilmənəm il dolana, bəlkə ki, qurban olsun.

Gəzəsən kuçələri, gəşt edəsən şamü səhər, Bir qəpikdən ötəri göz yaşın əfşan olsun.

Yastığın qırmızı kərpic, döşəyin köhnə həsir, Bir dənə yırtıq əba üstüvə yorğan olsun.

İstirahətlə sənə olmaya bir mənzili-xas, Camədar Mirzəli tək mənzilin külxan olsun.

Can verəndə yığıla üstüvə cinn ilə pəri, Əməlin kisəsinin məxzəni şeytan olsun.

Şatır Abdulla, Qubuş Qarə nənə, Şölti Təqi, Qardaşım vay! – deyib, üstündə nəvaxan olsun.

Nə ki .... var isə qənşərində zikr desin, Əl çalan Cəfər Ağa, mütrübün Tatyan olsun.

Gürcüvan çaxırı pişvazə gələ qənşərüvə, Nuş bər nuş deyən şeytəni-dəğvan olsun.

Ərəsatə bu təhər kefli, xuraman gələsən – Ki, görənlər səni bu şəkldə heyran olsun.

Xəlq səni loti bilir, amma ki sən xudkeşsən, Qoy dəlilin gətirim, aləmə bürhan olsun.

Bir gəlir yadüvə sabiqdə keçən köhnə dükan? Qoy ki faş eyləməyim bu sözü, pünhan olsun.

Səni mən mərd bilib dərgəhüvə üz tutdum, Fərz bildim bu kişi sahibi-ehsan olsun.

Demə sən zatı qəliz Hacı Türabın birisən, Qara eşşək nədi kim, daxili-insan olsun?

Sən deyirsən ki, atam müctəhidi-aləmdir, Bu sözə bavər edən sən kimi heyvan olsun.

Müctəhid oğlu gərək qabil ola atasıtək, Yoxsa sən kimi lotu nayibi-lulan olsun.

Taci-sər, həcv deyildir bu ki, mən eyləmişəm, Qərəz oldur ki, sənə bir neçə həzyan olsun.

Vay əgər haluva məndən olusan rəncidə, Həcv qıllam ki, səni şöhreyi-Şirvan olsun.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.