Bir köhlən at mindim Qarabulaqda
Qarlı Başkeçidin göy yaylaqları, Çəkdi xəyalımı dağlara sarı. Yarısın sevgidən hamının yarı, Mənim də sevgim var odda-ocaqda, Bir köhlən at mindim Qarabulaqda.
İfçin yəhərləndi sevdiyim bir at, At üstə başqa cür görünür həyat. Şimşəkdən kişnərti, küləkdən qanad, Dədə kişilərin sözü dodaqda, Bir köhlən at mindim Qarabulaqda.
Bəynişan oğullar çapdı atları, Dəydi bir-birinə göyün qatları. Yarışa çağırdım yelqanadları, Nisgilim, həsrətim qaldı uzaqda, Bir köhlən at mindim Qarabulaqda.
Mən dəli bir ovçu, dağ dəli bir ov, Əlimi yandırdı çəkdiyim cilov. Burnundan od çıxdı, ağzından alov, Səyirtdim yağışda, çapdım quraqda, Bir köhlən at mindim Qarabulaqda.
Dilimdə söz yandı, əllərimdə saz, Cilvələndi bahar, çiçəkləndi yaz. Oldum Dəmirçoğlu, oldum Xan Eyvaz, Koroğlu nərəsi dindi qulaqda, Bir köhlən at mindim Qarabulaqda.
Bu Söyünçayıdı, bu Salamməlik, Birinə həsrətəm, birinə ləlik. Dağlar dilə gəldi: – Qal həmişəlik! Səhərin ayazı gəzdi yanaqda, Bir köhlən at mindim Qarabulaqda.
Qızıl üzəngili, gümüş yəhərli, Cilovu qızıldan, naxışı zərli, Tərlan tamaşalı, meydan təpərli, Uçan qartallarla səsdə, soraqda, Bir köhlən at mindim Qarabulaqda.
Üz tutun müqəddəs torpağa sarı, Döşdə gülü öpün, zirvədə qarı. Gəlin, Borçalının mərd oğulları, Borçalı qalmasın gözdən iraqda, Bir köhlən at mindim Qarabulaqda.