Bir kitaba sığarmı?
Əldə qələm, dildə söz, gözdə atəş, canda od, Min illərdi yazılır milyonlarca kitablar. Hər kitabın içində neçə insan ağrısı, Zülümlər, işgəncələr, əzablar, iztirablar.
Varaq-varaq eylədi hər kəs öz aləmini, Tapammadı yenə də xoşbəxtliyin çəmini. Azaltmadı zərrəcə ürəklərin qəmini Nə içilən badələr, nə süzülən şərablar.
Kəsilmədi dünyanın nə qırğını, nə vayı, Uçan vaxtın əlində ömür getdi havayı. Nə verdi insanlığa göz yaşından savayı, Qasırğalar, tufanlar, savaşlar, inqilablar?
Nə dinər, nə tərpənər, sərt qayalar sal durur, Canında min sirr yatır, açan yoxdur, lal durur. Hər sualın dalında yeni bir sual durur, Nə suallar tükəndi, nə tam oldu cavablar.
Bir sualın önündə min cür cavab yazıram, Yazdığım hər nə varsa, ağrı-əzab yazıram. Şair də öyünür ki, təzə kitab yazıram, Bir kitaba sığarmı bu qədər haqq-hesablar?
2005, 30 avqust