Bir insan sevgisi, bir Allah eşqi
İşığı, neməti boldu, tükənməz, Min ildi gəldiyim yoldu, tükənməz, Yerin işığıynan, göyün nuruynan, Qəlbimə ömürlük doldu, tükənməz, Bir insan sevgisi, bir Allah eşqi.
Ruhuma Tanrının sazıynan gəlib, Bəxtimə gözəlin nazıynan gəlib. Enib göy üzündən mələk donunda, Dünyanın ən gözəl qızıynan gəlib. Qardan, qasırğadan keçib yolları, Fəslin baharıynan, yazıynan gəlib. Alın yazısıtək çıxıb qarşıma, Allahın yazdığı yazıynan gəlib, Bir insan sevgisi, bir Allah eşqi.
“İncil”i yazdırır İsa dilində, “Tövrat”ı yazdırır Musa dilində. Cansızı canlıya çevirə bilər, Musa əlindəki əsa dilində. Məhəmməd yaradır Quran dilində, Fateh danışdırar Quran dilində. Varlığı, həyatı gözəlləşdirər, Bütün Kainatı gözəlləşdirər, Bir insan sevgisi, bir Allah eşqi.
İlk qadın Həvvadı, ilk kişi Adəm, İlk sevgi Adəmnən, Həvvadan gəlir. İnsana vurulmaq, Allahı sevmək, Bu sudan, torpaqdan, havadan gəlir. Dünya sevgisinə, dünya seyrinə, Hər kəs öz qurduğu yuvadan gəlir. Duyana ürəkdi, baxana gözdü, Yazana kitabdı, deyənə sözdü, Bir insan sevgisi, bir Allah eşqi.
Oğullar qəlbinə salır yanğını, Sürməni qızların qaşına çəkir. Can verir, qan verir yaratdığına, Görün Yaradanın başı nə çəkir. Ürəyi yananda bir dolça sutək, Dənizi qaldırıb başına çəkir, Bir insan sevgisi, bir Allah eşqi.
Deməklə dəftərə, qələmə gəlməz, O, südnən yoğrulub, sümüknən gəlib. O, mənim könlümə dağlardan ağır, Dağlardan çəkili bir yüknən gəlib. Süzülüb ruhuma, damarlarıma, Ozannan, ustadnan, böyüknən gəlib. Qəbir evində də izləyər məni, Min ildən sonra da gözləyər məni. Gələn sabahlara, gələn günlərə, Çatan səsim olar, sorağım olar.
Bulanmaz zamanın fırtınasında, Axarı dumduru bulağım olar. Hər şeyi tanıyar, hər şeyi görər, Hər səsi eşidən qulağım olar. Özüylə yaşadar Zəlimxanı da, Bir insan sevgisi, bir Allah eşqi.
2000, 7 iyun