Əsas məzmuna keç

Qəsidə

Bir gün ki, dey əlamətin etmişdi aşikar

Məhəmməd Füzuli

1

Bir gün ki, dey əlamətin etmişdi aşikar, Tutmuşdu üz füsürdəligə təb’i-ruzigar,

Badi-xəzan yetib hərəkati-şəni’ ilə, Hər yan dirəxt rəxtini etmişdi tarimar.

Sərsər hücumu qarəti-bustanə əzm edib, Əslilə qoymamışdı ağaclarda bərgü bar.

Bərgini şaxi-gül yelə vermişdi sərbəsər, Yə’ni, təcəmmülünə cəhanın nə e’tibar?!

Tey qılmış idi səbzə büsatını busitan, Yə’ni ki, mö’təbər degil əsbabi-müstəar.

Yel böylə fəsllərdə təmənnayi-künc edər, Mən eylədim səba kimi gülşən yana güzar.

Bir bağə düşdü rəhgüzərim gördüm onda cəm’, Tərtibi-eyş qılmağa əsbab hər nə var.

Dolmuş qədəh şərab ilə gəlmiş araya kim, Gər lalə getdi isə, mənəm şəm’i-laləzar.

Minayi-səbz lütflə dolmuş əyağə kim, Gər qönçə fani oldu, mənə ömri-payidar.

Gəlmiş kəbab dövrə və söylər ki, ey qədəh, Hərgiz tutarmı xidməti-yaran edən qərar?

Hər türfə nəxl bərgi-xəzan ilə bağlamış, Meyli-imarət eyləyibən taqi-zərnigar.

Yığmış fəzayi-bağə xəzan bərgi xiştlər, Guya həva hücuminə tutmaq dilər həsar.

Əlqissə, ol büsatdə mən gərmi-şövq olub, Aldım mətai-zövq, verib nəqdi-ixtiyar.

Oldum təmam qərqeyi-dəryayi-şövqü zövq, Dutdum təriqi-rabiteyi-əqldən kənar.

Hər dəm bir iltifatə fəda eylədim xirəd, Hər ləhzə bir həvəsdə nisar eylədim vüqar.

Hər kim əyağ sundu mənə, mən ayağına Cinsi-həvasü nəqdi-xirəd eylədim nisar.

Ərvahi-qüds bəzmi imiş, onu bilmədim, Mən məstü bixud oldum, olar qaldı huşiyar.

Bihuş düşmüşəm mütəğəyyir mizac ilə, Qafil ki, leyldirmi keçən dövr, ya nəhar.

Olmuş hücumi-hadisədən huş müntəzim, Qılmış səfayi-əql meyi-tirədən fərar.

Bir ləhzeyi ki, seyqəli-idraki-müstəqim, Nagəh götürdü ayineyi-təb’dən qübar,

Açdım gözümü görmədim ol bəzmdən əsər, Həqqa budur təbiəti-dünyayi-bimədar.

Qılmaz qamu qəziyyədə əmrinə müstədam, Olmaz cəmii-əmrdə bünyadi üstüvar.

Gördüm yerim fəzayi-bisati-sürur ikən, Olmuş məziqi-məzbəleyi-əczü inkisar.

Həmsöhbətim cəmaəti-əhli-qəbul ikən, Olmuş nədimü həmnəfəsim neçə murü mar.

Cismim cəfayi-şiddəti-bərd ilə natəvan, Başım bəlayi-hadisə daşiylə səngsar.

Əhli-cəfa tənimdə olan kisvətim alıb, Qoymuş məni bürəhnəvü lərzanü xarü zar.

Nə bir rəfiq kim, ola ol dəmdə dəstgir, Nə bir ənis kim, ola ol qəmdə qəmküsar.

Iyzəd üzümə bağlamış əbvabi-rəhmətin, Yə’ni, budur nəhayəti-üsyani-badəxar.

Çox badə bəzmi-dövrdə nuş etmişəm, vəli, Mən hiç meydə görməmişəm bu sifət xumar.

Həm zillət ilə dərgəhi-xaliqdə münfəil, Həm heyrət ilə xəlq arasında şərmsar.

Dövranə eylədim bu müsibətdə e’tiraz: K’ey çərxi-bimürüvvətü bədəhdi-nabəkar.

Bir ömrdür ki, məcməi-əhli-kəmaldə, Eyşü nişat ilə içirəm cami-xoşgüvar,

Hərgiz özümü görməmişəm böylə bişüur, Hərgiz özümü görməmişəm böylə xakisar.

Meyxanələr mücaləsətindən alıb sürur, Mey təb’imə olurdu fərəhbəxşü sazikar.

Hala nə vaqe’ oldu ki, verdin bu gün mənə, Nöqsani-irzü malü şikəsti-təni-figar?

Dövran cəvab verdi məni-natəvanə kim: Ey xəstə! Bu müsibətə səbr eyləgil şüar!

Iyzai-cismü can nəsihətdürür sənə, Idrak əhlisən, bu nəsihətdən etmə ar!

Aldanma mey nişatinə vü demə dəmbədəm Kim, nişə böylə onu həram etdi Kirdigar?

Hər əmrü nəhyə ibrət ilən e’tibar qıl, Hər işdə e’tibari şüar eylə zinhar!

Dəf’ oldu ol müsibətü ondan əyan olan, Təhqiqi-sirri-hikməti-Həq qaldı payidar.

Gər getdi rəxt, nəxl kimi qılma iztirab, Səbr et kim, küdurətə həm yoxdur e’tibar.

Bu rəsmdir bürəhnə olub qışda hər dirəxt, Təcdidi-kisvət eyləmək əyyami-növbəhar.

Sən həm nihali-növrəsi-gülzari-eşqsən, Gər getdi bərg, xatirinə yetməsin qübar.

Kəsmə bəhari-lütfü kərəmdən ümidini, Təcdidi-rəxti-tazəyə olgil ümidvar.

Cüz’i xəsarət ilə məlul olma, şükr qıl, Bəg xaki-dərgəhinə fəda böylə səd həzar.

* * *

Lüğət: Dey – qış mövsümü, şəmsi ilinin onuncu ayı; Təb – qızdırma; Dirəxt – ağac; Rəxt – paltar; Bərg – yarpaq; Bar – yük; meyvə; dəfə; rəsmi qəbul; Əsbabi – müstəar – müvəqqəti ləvazimat; Laləzar – laləlik, çəmən; Səbz – yaşıl; Payidar – davam edən, möhkəm; Hərgiz – heç zaman, əsla; Nəxl – xurma ağacı, fidan; Bərgi – səmən – yasəmən yarpağı; Taqi – əbru – tağşəkilli qaş; Fəzayi – behişti-sürur – şadlıq behiştinin fəzası; Gərmi – bazar-qılmaq – bazarı qızışdırmaq; Dəryayi – təhəyyür – heyrət dənizi; Təriqi – hüda – hidayət yolu, doğru yol; Kənar – qucaq, ağuş; Dəm – qan; zaman; nəfəs; ah; söhbət; Xirəd – ağıl; Əyağ – qədəh; Ərvahi – qüds – müqəddəs ruhlar; Bixud – özündən xəbərsiz; Mütəğəyyir – mizac – mizaci dəyişilmiş; Meyi – nab – saf şərab; Tirə – qaranlıq; Fərar – qaçmaq; Qübar – toz, kədər; Bimədar – istinadgahı olmayan, köməksiz, etibarsız; Müstədam – daimi, müdam; Bünyad – özül, əsas; İnkisar – sınmaq, qırılmaq; Əhli – raz – sirr əhli, sirdaş; Nədim – həmsöhbət, yoldaş; Mar – ilan; Bərd – soyuq; Natəvan – gücsüz, zəif; Kisvət – paltar; Lərzan – titrəyən; Zar – sızıldayan, ağlar, zəif; Dəstgir – əldən tutan; Ənis – həyan, həmdəm; Qəmküsar – təsəlli verən, həmdərd; Əbvabi – rəhmət – rəhmət qapıları; Badəxar – şərab içən; Badə – şərab; Vəli – lakin; dost, xələf, mənəviyyatca Allaha yaxın; Münfəil – mütəəssir olan, acıqlanan, xəcil; Çərxi – çənbəri – dairəvi səma; Bədəhd – pis əhdli, sözünün üstündə durmayan; Nabəkar – işə yaramaz; Məcməi – əhli-kəmal – kamal əhli yığıncağı, kamillər məclisi; Cami – xoşgüvar – ləzzətli şərab; Xakisar – toz-torpaq içində qalmış; pərişanhal; Can – ruh, bədən; Kirdigar – Allah; Zinhar – saqın; Təhqiqi – sirri-hikməti-həqq – həqqin hikməti sirrinin doğruluğu; Bürəhnə – çılpaq; Nihali – növrəsi-gülzari-eşq – eşq bağcasının yeniyetmə fidanı; Növrəs – yeni yetişmiş; Xəsarət – zərər, ziyan; Xaki – tirə – qara torpaq; Səd – yüz; Həzar – min; bülbül

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.