Bir daşa söykənmişəm
Bir daşa söykənmişəm bir dağın ətəyində, Ürəyimə, beynimə qəribə hisslər gəlir. Gah gün doğur üstümə, işıqlanır varlığım, Gah da işığa qənim dumanlar, sislər gəlir.
Dağa baxdım, ruhumda dağ kimi ləngər oldu, Zirvələr Allah evi, qayalar səngər oldu. Bu yerdə kimi şair, kimi peyğəmbər oldu, Gözlərimin önünə ən uca kəslər gəlir.
Ömrümüzü uzadan yerin-göyün ətridi, Yaradanın bizlərə hörmətidi, xətridi. Ya Quranın ayəsi, ya şeirimin sətridi, Qulağıma Tanrıdan ilahi səslər gəlir.
Füzuli bağçasından şirin bardı gələnlər, İlahiyə qonşudu, haqqa yardı gələnlər. Yunusdu, Mövlanadı, Şəhriyardı gələnlər Qalx ayağa, Zəlimxan, qalx, müqəddəslər gəlir.