Bir az xoşbəxt eylə məni
Torpaqsan, səngərin olum, Səngərsən, əsgərin olum. Əsgərsən, silahın olum, Silahsan, kəsərin olum. Kitabsan, şeirin, dastanın, Qələmsən, əsərin olum. Xoşbəxt olmaq istəyirəm, Bir az xoşbəxt eylə məni.
Üfüqsən, günəşin olum, Ocaqsan, atəşin olum. Tarlasan gülün, gülşənin, Zəmisən, küləşin olum. Bu dünya beş günlükdürsə, Dönüm sənin beşin olum. Xoşbəxt olmaq istəyirəm, Bir az xoşbəxt eylə məni.
Ötüb-keçən günlərimin, Ruhumda göynəyi qalıb. Keçmiş keçib, əllərimdə Bir qanlı köynəyi qalıb. Yaşa dolan çağlarımın Əlimdə əsası qalıb, Gözümdə eynəyi qalıb. Hardan bilim gödək ömrün Nəyi gedib, nəyi qalıb? Xoşbəxt olmaq istəyirəm, Bir az xoşbəxt eylə məni. Səndən dünya istəmirəm, Səndən yer-göy istəmirəm, Gözümə nur istəmirəm, Dizimə hey istəmirəm. Nə var-dövlət, nə şan-şöhrət, Heç nə, heç şey istəmirəm. Xoşbəxt olmaq istəyirəm, Bir az xoşbəxt eylə məni. Zaman gülsün ürəyimdə, Bir az xoşbəxt eylə məni.
2006, 14 fevral