Əsas məzmuna keç

Heca şeiri

Bir az məhəbbətdən danışaq

Zəlimxan Yaqub

1

Bir az məhəbbətdən danışaq gəlin, Sevgidən, həsrətdən danışaq gəlin. Əyləşək diz-dizə, nəfəs-nəfəsə, Verək könlümüzü həzin bir səsə. Xəyala gətirək ucalıqları, Salaq yadımıza zirvə qarını. Salaq yadımıza bizə göz vuran, Yanan qızılgülün yanaqlarını. Salaq yadımıza saf bulaqları, Bir az təzələnib durulmaq üçün. Yenidən boylanaq köhnəliklərə, Dünyaya təzədən vurulmaq üçün. İlahi nemətdən danışaq gəlin. Bir az məhəbbətdən danışaq gəlin. Əkək tarlasını yaxşılıqların, Sevgi sünbül olsun, sevgi dən olsun. Nifrətdən aralı, qeybətdən uzaq, Sözbaşı fikrimiz sevgidən olsun. Kim kimi aldatdı, kim kimi yıxdı, Kim kimi sürüdü, sonuna çıxdı, Taxtdan kim gedəcək, taxta kim gəlir, Kim məhkum olacaq, kim hakim gəlir. Kim öndə dayanır, kimi arxada, Kim kimi məhv edib verəcək bada. Nə ki siyasətdən danışdıq, yetər, Siyasi qeybətdən danışdıq, yetər.

Ataq başımızdan bu sualları, Hamının dünyası, hamının yarı Əbədi qismətdən danışaq gəlin, Bir az məhəbbətdən danışaq gəlin.

Əridək Füzuli qəzəllərini, Süzək ruhumuza şirin bal kimi. Nəsimi zirvəsi qaldırsın bizi, Uçaq səmalarda bir qartal kimi. Şeyx oğlu Şahımız gəlsin məclisə, O desin, biz duyaq əhli-hal kimi. Şirin söhbətimiz, şirin sözümüz, Bir vəfa gətirsin vəfasızlara. “Görmədim” desə də, çox şeyi görən, Vaqifin gözüylə baxaq qızlara.

Millətdən, qeyrətdən dəm vurmaq yetər, Sabir kifayətdi götürə bilsək. Dəyər yaşamağa, dəyər yazmağa, Dədə Ələsgəri, ata Vurğunu, Bu ruh məclisinə gətirə bilsək. Hər kəs öz səmtini, yolunu tapsın, Çay dənizə axsın, söz ürəklərə, İsti yuvalardan aralanmışıq, Yenidən qayıdaq biz ürəklərə. Şeirdən, sənətdən danışaq gəlin. Bir az məhəbbətdən danışaq gəlin.

Sevgi vəfalıdı, ömür vəfasız, Sanki, bir atımlıq barıtdı ömür. Göz açıb-yumunca qurtarır ömür, Kimi axıracan yarıtdı ömür? Allah nə veribsə, alacaq geri. Verdiyi nə varsa, əmanət verir. Yüzdən o tərəfə zəmanəti yox, Birlə yüz arası zəmanət verir. Arzunu, ümidi, eşqi, niyyəti, Oğulsan, bu vaxta sığışdır indi. Kərəmi bu yerdə ağlamaq tutur, Oğulsan, ağlayan Xan Kərəmlərin Gözünün yaşını yığışdır indi. Acizdən acizik vaxtın əlində, Bizim əlimizdə nə var ki, qardaş, Nə varsa taleyin, vaxtın əlində. Bizim bəxtimizə, qismətimizə, Ayrılan möhlətdən danışaq gəlin. Bir az məhəbbətdən danışaq gəlin.

Hərə baş götürüb qaçır bir yana, Kim dağdan qayıdır, kim dağa çıxır. Bəxtəvər başına böyük şairin, Deyirlər Füzuli yaylağa çıxır. Hərənin ruhunda bir qəmli nəğmə, Canımız yaralı, qanımız qara. Canda Kür hönkürür, Araz ağlayır. Yəhəri qırılan, ayağı sınan, Vaxtın köhlənidi, vaxtın atıdı. Bahar buludunda bol olar yağış, Hər kəs bulud kimi bir bayatıdı. Ömür yollarında səhralar geniş, Karvanımız ağlar, köçümüz ağlar. Dəsmal əlimizdə, yaş gözümüzdə, Elə ömrü boyu içimiz ağlar. Allah bağışlasın günahımızı, Günahımız ağlar, suçumuz ağlar. Ağlamaq ki vardı, mərhəmətdəndi, Bax, bu mərhəmətdən danışaq gəlin.

Çıxaq nağıllardan, əfsanələrdən, Canlı həqiqətdən danışaq gəlin. Axarı-baxarı dünyaya sığmaz, Zəngin təbiətdən danışaq gəlin. Alaq yolçulardan yol halallığı, Alaq arılardan bal halallığı. Sevgi özümüzə qaytarsın bizi, Nurlu gözümüzə qaytarsın bizi, Gözələ heyrətdən danışaq gəlin. Bir az təzələnək köhnə dünyada, Bir az məhəbbətdən danışaq gəlin!!!

2002, 16 sentyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.