Əsas məzmuna keç

Qəsidə

Bilur qədəhdə səhər lə’l tək mey içsən əgər

Məhəmməd Füzuli

1

Bilur qədəhdə səhər lə’l tək mey içsən əgər, Odur piyaleyi-kafur, şərbəti-kövsər.

Könül səfası o təsbih danəsində deyil, O zövq üzüm giləsində müdam cilvələnər.

Təvazö’ ilə açıb əl dilərsə məst murad, Qürurla şeyx qılan yüz rikət nəmazə dəyər.

Behişt meykədədir, onda huriyüqılman Çəkib səf, əldə tutub mey dolu gümüş sağər.

Deyil qəribə ki, meyxanədən qaçar zahid, Bu rəsmdir ki, behiştdən uzaq gəzər kafər,

Şərab caminin ətrafinə gözəl xətlə Yazılmış idi bu mə’nalı, dilrüba sözlər

Ki, ey cahanda ayıqlıqdan olmayan xoşhal, Xumarlanıb yıxılan xəstə, süst, şamü səhər;

O yolla sən nə gedirsən ki, var xətası onun, Səmərsiz işdə neçin ömrünü edirsən hədər?

Bu yolla getmə ki, heç vəxt muradə yetməzsən, Bu sə’yi boşla ki, verməz sənə bu sə’y səmər.

Şərab bəzminə gəl, sazü-sağəri ələ al, Birində zövq, o birində fərəh kəmalə yetər.

Sənin ki, mə’rifətin yox, nə onda, nə bunda Xəyal zövqü nədir, bilməyirsən, ey dilbər.

Deyil təbii hərarət meyin məzacında, Sazın nəvasını bir nəğmə sanma sərtasər;

Sənin yazıqlığına, bil, yanır meyin ürəyi, Sənin yaman gününə saz belə nəva eylər.

Bəzək üçün başına taxmısan hüma telini, Səmur xəzilə veribsən vücuduna ziyvər.

Salıbsan öz-özünə vəhşilər qiyafəsinə, De, səndə kim tapar insan təbiətindən əsər?

Sənə ki, vəhşilər olmuşdur iczidən tabe, Zor ilə eyləmisən onları özünə nökər.

Olubdur aciz arı xidmətində amadə. Zəif qurd, “qulunam”, ləfzini edib əzbər.

Birisi ətləs hazırlar sənə, yeyər yarpaq, Birisi şəhd verər, olsa da qidası zəhər.

Səninlə nəqs kəmalı tapar iki hünərin, Yetər təbiətinə onların əlilə zərər.

Necə sənin qanına təşnə olmasın qurdlar, Arı sənə necə kin ilə vurmasın neştər?

Gedib də məqbərədə dinlə, gör necə dil açıb Məzar lövhü, sənə incə nüktələr söylər.

Uzaq bir arzu yolu var vücuddan ədəmə, Birər düşərgədi bu yolda axşam ilə səhər.

Məzar əhlinə vurma qürur ilə tə’nə Ki, vəslinə sənin həsrət çəkər bütün ölülər.

Yüz il bu yolda əgər sən tərəddüd etsən də, Düşünmə qalmayacaq arxada bu mənzillər.

Bu illər, aylar həqiqətdə bir telə oxşar Ki, onda daneyi-təsbihdir bu növ’i bəşər.

Rəva deyil belə təsbih çevrilib, bitsin, Dilində zikri-xudavənd olmasın əzbər.

Çıxarma yaddan, amandır, cəhənnəmi bir an Ki, şəm’i nur edər bəxş, şö’leyi-azər.

Bu gün gözəlləri meyxanədə görən bir kəs, Nə huri-cənnət edər arizu, nə də məhşər.

Meyi-Muğanı gecə içmə kim, səhər tezdən, Sənə şərabi-təhur, saqi öz əlilə verər.

Eşitmişəm ki, xuda əmrini tutan bir kəs, Əgər pozarsa bu əmri, günahı əfv edilər.

O səhv yol ki, tutubsan dəvam qıl, qorxma, Qəfur adını Allaha verməmişlər hədər.

Tutaq ki, pis işə dünyada etmədin iqdam, Behiştə basdın ayaq pak, sanki peyğəmbər.

Sənin başında həva yoxsa, şurdan başqa, Sənin ki, fikrini məşğul edibdir ancaq şər.

Çalış sənin oduna yanmasın barı rizvan, Behişt qəsrinə həm yetməsin əlinlə zərər.

Şimalü Şərqü Cənub ilə Qərbdən əsərək, Küləklər oldu sənin xidmətində bir çakər.

Necə ki, muzd alar xacəsindən hər muzdur, Həyat nəqdini onlar o növ’i qarət edər.

Sənin ki, cümlə zərərdir qazancın aləmdə, Qazancın ancaq o muzdur müzdünə yetişər.

Hübab tək elə zənn et ki, badə getmiş evin, Nə tikmisənsə, onu çərx edibdi zirü zəbər.

Boyun əyib diləmə kimsədən gözəl güzəran, Çevir üz ol kəsə ki, hər işə olub mehvər.

Əliyyi-aliyi-ə’la ki, elmlərdə bütün, Təmami aləmə ustad olub və həm rəhbər.

O dövrdə ki, nə Davud, nə Zəbur var idi, Onun mübarək adı verdi aləmə ziyvər.

Təmam ruhlar onu zikr edib, vəli yox idi Onun vücudi-şərifindən aləm içrə əsər.

Mələklərin bütün əxlaqi onda olmuş cəm, Onun vücudinə məxsusdur zəkayi-bəşər.

Əlindədir hamıya mümkün olmayan hər şey, Onunla həll edilər həll olunmayan işlər.

Kəmər belində Süleyman qarışqaya qul olar, Onun qarışqa kəmərbəstəsi olarsa əgər.

Yəqin ki, büt qaçaraq gizlənər birəhməndən, Diyari-Hində əgər hökmi-şər’i etsə güzər.

O büt qıran əlinin Çində zirk olunsa adı, Yəqin ki, büt kimi fəğfur huşini itirər.

Fələk üqabını şəhbazi-hökmün izlərkən, Üqab sanki açar sərçə seydinə şəhpər.

Iki cəhanı xuda nüktə tək edib pamal, Adınla başladı ruzi-əzəldə çün dəftər.

Adın gələndə düşər qorxu düşmənin canına, Əli dedikdə olar həll cümlə müşküllər.

Dəlilə hacəti yoxdur iki şeyin, çünki Dəlili onların afaqə bəllidir yeksər.

Biri günəşdir, edər qərq aləmi nurə, Ikinci – silsilə ilə ötüb keçən illər.

Ölüb dübarə dirilməkdə bircə mə’na var Ki, mehrü kinənin asarini biləydi bəşər,

Cəsədlərə yetirər sur müjdeyi-feyzin, Tapardımı ölülər suridən həyat məgər?

Şəriətini görüb küfrdən dönən hər kəs, Püli-siratidən eylər hidayətinlə güzər.

Qəza sənə bu cəhan dilbərini əqd etmiş, Hərimi-qüdsi tərəbxanə eyləmiş bu xəbər.

Sənin məhəbbətin olmazdısa, sevəmməzdi Qız oğlanı, qızı oğlan cahanda, ey sərvər!

Sənin məhəbbətin ilə yarandı bu varlıq, Zəmanə dostluğuna varlığın olub məzhər.

Əcəb deyil ki, yetər cövri-ruzigar bizə, Rəqib cövrinə eylər təhəmmül aşiqlər.

O qəlbə kim, eləmiş fikri-rəhmətin tə’sir, Cəhənnəm atəşi etməz o pak qəlbə əsər.

Xəvərnəq üstünə Bəhrami-Gur yazmışdır Ki, qəbri mülki-Nəcəfdə olan bütün ölülər

Bağışlanar kərəmindən yəqin şəhi-Nəcəfin, Edər günahlarını əfv xaliqi-əkbər.

Məhəmməd ümmətinə ruzi-həşrdə qarışar, Əqidəsincə bu aləmdə olsa da kafər.

Sən, ey mənim ulu şahim, əlac qıl, qoyma Zəmanə kamıma töksün cəfa əlilə zəhər.

O guşəyə qaçaraq, gah valehü heyran, Bucaqda gah oturum qismətim fəraqü kədər.

Vüsal caminə həsrət nişat bəzmində, Nə əmndən, nə amandan, nə mehridən var əsər.

Bir öylə qövm içinə düşmüşəm ki, cəhlindən, Kəmali, əqli ağılsızlığın dəlili bilər.

Nə şe’r zövqi qanarlar, nə də ürək dərdi, Çörəkdən ötrü əyər başı təndirə yeksər.

Kəlim əsasi ilə Tur sirrini xəlqə, Mənim iti qələmimlə sözüm açarsa əgər.

Birisi tə’n ilə adlandırır məni Məcnun, Sözümə sehr deyər, digəri atır mənə şər.

Könüldə şövq odunun şö’ləsi sönüb getdi, Su səpdi əhli-məlamət bu sinəmə o qədər

Ki, qəlb tarlasına indi Hind torpağı tək, Mən istiot səpərəm, kafuri bəhər yetirər.

Gəhi sözün dənizində mən əl-ayaq çalıram, Ki, incilər taparaq, nəzminə verim ziyvər.

Sənəvü mədhinə layiq bir inci tapmamışam, Dənizlər içrə bəla çəkmişəm uzun illər.

Şəha, kəramət üzündən yazıq Füzulini Nicat sahilinə çək, yolunda varsa xətər.

Onun qarə gününə nur saç cəmalinlə, Qaranlıq axşamını qıl özün işıqlı səhər.

Dözümlüsən, bilirik, zülmə sən özün, əmma Bizim hərayımizə çat ki, səbrimiz tükənər.

Ümidimiz bunadır kim, coşa kərəm dənizin, Bu aləm əhlinə iysar edə dürü gövhər.

Hüdudsuz kərəmü lütfü iltifatından Mənə nəsib elə daim sevinc, ey sərvər!

* * *

Lüğət: Kafur – kamfora, ağ mənasında da işlənilir; Sağər – qədəh, piyalə; Cami – xoşgüvar – ləzzətli şərab; Meyi – nab – saf şərab; Amadə – hazır; Şəhd – saf bal; Dil – ürək; Nüktə – dərin mənalı söz; Azər – od, atəş; Ariz – yanaq; Şərabi – nab – saf şərab; Rizvan – behiştin xəzinəsi, cənnət; Çakər – nökər, qul; Badə – şərab; Vəli – lakin; dost, xələf, mənəviyyatca Allaha yaxın; Güzər – keçmək; Üqab – qaraquş; Pamal – ayaq altında qalmış; Ruzi – həşr – məhşər günü; Dəlili – zilləti-üsyandır təərrüzi-hal – vəziyyətə etiraz üsyan zəlilliyinə dəlildir; Silsilə – zəncir; Sur – toy; şənlik, qonaqlıq; şeypur; şəhər qalası divarı; Əqd – düyün; nikah; Sərvər – başçı; Məzhər – bir şeyin zahid olduğu yer; Atəşi – bim – qorxu odu; Bəhram – Mars ulduzu; Nizaminin “Yeddi gözəl” əsərinin qəhrəmanı; Gur – qəbir; ov heyvanı; Fəraq – ayrılıq; Dəlil – yol göstərən; sübut; Əhli – raz – sirr əhli, sirdaş; Məlamət – məzəmmət, danlaq

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.