Bilsəydim...
Bilsəydim qanımı qaraldacaqlar, Bilsəydim səbrimi daraldacaqlar, Min dəfə qəlbimdə su bulandırıb, Bir dəfə halımı duruldacaqlar, Heç enib gəlməzdim o ucalıqdan!
Qartalı sərçəyə döndərən də var, Zirvədən dərəyə endirən də var, Kişilər yurd salar, ocaq yandırar, Bilsəydim ocağı söndürən də var, Heç enib gəlməzdim o ucalıqdan!
Bazarın min adda nırxı varıymış, Hər nırxın bir cürə çarxı varıymış, Birsifət görmüşdüm mən adamları, Bilsəydim otuzu, qırxı varıymış Heç enib gəlməzdim o ucalıqdan!
Yalan boğaz olub doğa bilərmiş, Kül olub başlara yağa bilərmiş, Bilsəydim qeybətlər, dedi-qodular Tutub adamları boğa bilərmiş, Heç enib gəlməzdim o ucalıqdan!
Ağlı kəsə-kəsə haqqı danan var, Bütöv ola-ola xırdalanan var, Bilsəydim papağı günə yandırıb Elə boş-boşuna qurdalanan var, Heç enib gəlməzdim o ucalıqdan!
Dağlarda mərdliyin mülkü varıymış, Saflığın əzəli, ilki varıymış. Çöllərdə görmüşdüm, şəhər içində – Bilsəydim bu qədər tülkü varıymış, Heç enib gəlməzdim o ucalıqdan!
Əzdi, tapdaladı, əzildi insan, Əzilə-əzilə üzüldü insan. Ürək sındırmağa, könül qırmağa Bilsəydim bu qədər rəzildi insan, Heç enib gəlməzdim o ucalıqdan!
Dağda daş olardım, zirvədə qaya, Qalxardım Günəşə, uçardım Aya. Bilsəydim bu qədər yerdə günah var, Göylərdən baxardım mən bu dünyaya, Heç enib gəlməzdim o ucalıqdan!
Bəlkə düz demədim... mən – sel axarı, Gəlmişəm, gedirəm üzü bahara. Gəlmişəm qəhr edim alçaqlıqları, Qaldırım yurdumu ucalıqlara!!!