Bilmirəm
Neyləyim, mənimki belə düşübdü, Yersiz kəlmələrə dözə bilmirəm. Doğruya öyrənib dilim-dodağım, Yalandan, yarğandan düzə bilmirəm.
Sevgisi dənizdi, nərəsi çaydı, Vətən xoş sözümü aləmə yaydı. Gəl mənə demə ki, nə hay-haraydı, Ürəksiz, ilhamsız gəzə bilmərəm.
Şair varlığını elə bağlayar, Məsləkə bağlayar, dilə bağlayar. Adam var, güllərdən şələ bağlayar, Mən çiçək boğazı üzə bilmərəm.
1974, 27 yanvar