Bilmirəm
Olan olub, tutduğuma peşmanam, Məni yaxın yar alarmı, bilmirəm? Təzələyib bir aldığım yaranı, Bir də üstdən təzələrmi, bilmirəm?
Öz əlimlə kökdən saldım telimi, Sevinərmi yar ağ görsə telimi. Sızıldayan ürəyimin telimi, Göz-göz olan yaralarmı, bilmirəm?
Ya eşqini imtahan et, ya sına, Gəl bürünmə bir sevginin yasına. Ay Zəlimxan, ya kövrələ, ya sına, Sınıq könlü yar alarmı, bilmirəm?
1972, 16 aprel