Əsas məzmuna keç

Qoşma

Bilməzmin

Məxdumqulu Fəraqi

1

Qələm alıb naməni göndərdiyim bilməzmin? Əfsun edib hüthütü endirdiyim bilməzmin? Ərş üstünə qaldırıb, mindirdiyim bilməzmin? Dörd gecə, üç gün ağlar, dindirdiyim bilməzmin? Eşşək minüb İsa tək, yeldirdiyim bilməzmin?

Məcnun kimi səhrada ağlar-ağlar gəzdiyim, Vərqa kimin Qulşadan ölüb, ümid üzdüyüm, Coşğun verib eşq odu, qaynar-qaynar qızdığım, Gözüm yaşın mərcan tək düzüm-düzüm düzdüyüm, Şibli kimin bir dağı yandırdığım bilməzmin?

Hophop kimin Firəngdən Çin-Maçinə vardığım, Bağ içində Bilqeysin saçın açıb gördüyüm, Süleymanın taxtından sözlə xəbər verdiyim, Quş qonsun deyə başma bülbül hinin qurduğum, Çərşənbə gün çeşt vaxtı qondurduğım bilməzmin?

Sürahın arxasında Məcnun qurdu cadını, «Bismillah»la başladı, çağırdı ustadını. Haqdan qeyri bir kimsə eşitmədi dadını, Qırx aşiq nərə çəkib şölə vurdu odunu, Göz yaşımdan su alıb söndürdüyüm bilməzmin?

Şirvan xanın sevdası nə əcaib sevdadır, Qıldan bu yan ağdırsa, məşhər günü rüsvadır, Yüz yirmi səf qurulub, hər səfdə min qovğadır, Aşiqlik bir coşğunlıq, axmaz durğun dəryadır, Bir cürədən qırx aşiq qandırdığım bilməzmin?

Yetişməmiş şunqarım, qamış qanad ağ türfək, Bir yanım etdi şikəst, dünya məni yıxaraq, Fələk qisasın alar, çəkər qan, qoymaz torpaq, Hər tikandan yüz qüssə, hər qırx güldən bir yarpaq, Daği-daşı ələyib topladığım bilməzmin?

Məxdumqulu söyləyər, doqquz fələk Zöhrəsi, Yeddi ulduz qardaşı, ayın, günün parası, Nuri-didəmin nuru, ağ gözümün qarası, Abi-zəmzəm çeşməsi, Səfa, Mərvə arası, Süleyman tək əhdimi sındırdığım bilməzmin?

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.