Bilməsəm
Yazın ləzzətini duymazdı könlüm, Qışın şaxtasında dona bilməsəm. Üzümə gülməzdi bağlar, bağçalar, Hər gülü bir nazlı sona bilməsəm.
Arzum, ağlar qalmış ömürə dönər, Varlığım pas atmış dəmirə dönər. Gözüm bir qaralmış kömürə dönər, Vaxtında alışıb yana bilməsəm.
Bir atım duz ilə, bir loxma çörək Mənə ömrüm boyu gərəkdir, gərək. Qara daş olardı sinəmdə ürək, Daşların dilini qana bilməsəm.
Mən hansı həvəslə seyrə dalardım, Kimin ürəyində ocaq qalardım, Analı olsam da, yetim qalardım, Bütün anaları ana bilməsəm!
1978, 21 iyun