Bilmək olmur həyatı
Ömür keçir, gün keçir Düşüncələr içində. Bəzən sevinc içində, Bəzən kədər içində. Vaxtın keçmişi bəlli, Sabah necə gələcək, Dəqiqəsi, saatı, Bilmək olmur həyatı.
Dolaşan cəmiyyətdi, Dolaşdıran zamandı. Kim ayrılıq içində, Kimi başdan-ayağa Qatı çəndi, dumandı. Kimin günəşi doğur, Kimin günəşi batır, Bilmək olmur həyatı.
Doğmanı ögey sanıb, Dostla ara vurmağa, Dili zəhərli gəzib, Xalqa yara vurmağa, Kimi qızıl ilandı, Kimi də ala çatı, Bilmək olmur həyatı.
Biri enir taxtından, O biri taxta çıxır. Birinin dedikləri O birinin dilində, Puç olur, saxta çıxır. Bilinmir kim bütövdür, Kimin qırıqdır zatı, Bilmək olmur həyatı.
Birdən düşür vəlvələ, Birdən qopur zəlzələ, Min cürə sərvətindən, Biri də gəlmir ələ. Birdən-birə görürsən, Yerin üstə çevrilir, Yerin ən dərin qatı, Bilmək olmur həyatı.
Ürək səsdə, təlaşda, Baş fikirlər içində. İnsan çox düşünsə də, Qalır sirlər içində. Hər gün çıxır cıdıra, Hər gün büdrəyir atı. Kimdi çıxan qabağa, Kimdi qalan arxada, Bilmək olmur zamanı, Bilmək olmur həyatı!