Əsas məzmuna keç

Heca şeiri

Bilmədim

Zəlimxan Yaqub

1

Mən ki yeddi bələndə tükü tükdən seçərdim, Hardan endi gözümə çəni, bilə bilmədim. Həsəd aparardılar qapqara tellərimə, Niyə düşdü saçıma dəni, bilə bilmədim.

Başda fikir dünyası, könüldə ah dünyası, Yoxsuldu nökər ömrü, varlıdı şah dünyası. Ah, bu qarın davası, ah, bu tamah dünyası, Çaşdım səmti, qibləni, yönü bilə bilmədim.

Cavabı tapılmayan suallar durdu qəsdə, Biz niyə bölünmüşük, islama, xaçpərəstə? Duyğular yığın-yığın, fikirlər dəstə-dəstə, Min bir fikir oxudum, dini bilə bilmədim.

Yolçuyam, yol gedirəm əllidən yüzə doğru, Dağdan aşmış bir Günəm, enirəm düzə doğru, Sənə sarı yeridik, gəlmədin bizə doğru, Dünya, özümü bildim, səni bilə bilmədim.

2003, 28 sentyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.