Əsas məzmuna keç

Mürəbbe

Bihəmdilləh, yolunda aqibət xak oldu can, tən həm

Seyid Əzim Şirvani

4

Bihəmdilləh, yolunda aqibət xak oldu can, tən həm. Qutardın şivənimdən sən, bəlayi-hicrdən mən həm, Tükəndi dərdi-eşqin, məndən oldu qət şivən həm, Həm oldum mən məlalü qüssədən asudədil, sən həm.

Xəyali-nərgisi-didar ilə bimardır könlüm, Düşübdür atəşi-eşqə sərapa nardır könlüm, Qədü rüxsarın hicranilə gərçi zardır könlüm Ki, şad etməz onu nəzzareyi-şimşadü gülşən həm.

Gülüstani-cəmalından düşübdür ta cüda könlüm, Çəkər hər ləhzə bülbültək nəva, bu binəva könlüm, Durubdur öylə çün künci-qəfəsdə mübtəla könlüm Ki, etməz arizuyi-aşiyanü meyli-gülşən həm.

Qılıbdır rüzgarım qarə zülfi-ənbərəfşanın, Edibdir könlümü məcruh zəxmi-tiri-müjganın, Salıbdır Seyyidi bir halə kim, əyyami-hicranın, Görüb əhvalın, ey birəhm, ağlar dustü düşmən həm.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.