Əsas məzmuna keç

Qəsidə

Bihəmdillah vəl-minnə ki, tovfiqati-rəbbani

Məhəmməd Füzuli

1

Bihəmdillah vəl-minnə ki, tövfiqati-rəbbani Yetirdi mənzili-məqsudə İbrahim sultani.

Təriqi-Kərbəla, rahi-Nəcəf bir rəhbər istərdi, Bu yolda gördü Həq Xizr olmağa sultani ərzani.

Vilayət dürlərinin mə’dənidir övliya bürci, Əmini-Həq görüb sultana tapşırdı fələk ani.

Əya sultani-ali-himmətü sərdari-adildil Ki, sənsən gövhəri-insafü dürri-mə’dələt kani.

Müştərrəf eylədi zati-şərifin xaki-Bağdadi, Imarət qıldı rə’yi-gəncbəxşin mülki-virani.

Səfa tapdı visali-məqdəmindən yenlə can baği, Əsas aldı binayi-himmətindən ədl eyvani.

Qədəm basdın diyari-əşrəfi-Bağdadə vü bir-bir Məzaratü büqaül-xeyr səndən oldu nurani.

Ziyarətlər ki, qıldın, asitanlar kim, təvaf etdin, Qəbul olsun ki, tapdın hər birindən feyzi-Rəbbani.

Məqami-Qənbərü övladi-Fəzlü bə’zi əhli-beyt Təvaf etdin, cəvanmərdanə qıldın ərz ehsani.

Əlinin pəncəsin qıldın ziyarət kim, müqərrərdir, Yeni gördükdə məxdumin əl öpmək bəndəfərmani.

Ziyayi-rif’ətindən sayə buldu, seyr vəqtində Gəhi Bəhluli-divanə, gəhi Mənsuri-həqqani.

Həmişə xəsmini şahi-vilayət daşə döndərsin Nəçük kim, gördün etmiş mö’ciz ilən daş arslani.

Məqami-mintəqə tövfin qılıb oldun kəmərbəstə, Öpüb övnü müin dərgahın etdin tazə imani.

Cəvadü Kazimin əttari-Bağdad olduğun bildin, Üz urdun, tapdın ol əttardən hər dərdə dərmani.

Təqiyyü Əskəriyyü Mehdiyə ənsar göndərdin Ki, alayişli kafər ləşkərindən saxlaya ani.

Fərati-paktək Babil diyarına qədəm basdın, Bər övci-Zöhrə oldu səndən ol Haruti-zindani.

Misali-məşhədi-Şəmsü məzari-Cümcümə bir-bir Təmaşasiylə gördün mö’cizati-Şahi-mərdani.

Əqiyl ibni-Əbitalibdən istimdad edüb himmət, Təriqi-Kərbəlayə başladın əqranü ə’yani.

Çü dəşti-Kərbəlayə ləşkəri-islami cəm’ etdin, Yəqin oldu ki, şahi-Kərbəlanın istənir qanı.

Ədayi-taətü ərzi-niyaz etdin, bihəmdillah Ki, məqbul oldu Beytullahə Ibrahim qurbani.

Yetirdin niyyəti-pakilə bir-bir cəddü abayə Səlami-rövzeyi-pakizeyi-Şahi-Xorasani.

Bu gün sərmənzili-məqsudə yetdin rahi-vəhdətdə, Rəfiq oldu sənə tövfiq, tapdın vəsli-canani.

Nə canan, cani-mütləq, bəlkə candan əfzəlü əşrəf Ki, dərgahində eylər can nisarın insivü cani,

Xudanın “Innəma” qövlində xəlq içrə vəliəhdi, Rəsulin “ləhmükə ləhmi” səri-xanında mehmani.

Gəhi-möhtacə vermiş Qənbəri tüğyan edib lütfi Gəhi arslandan almış müztərib halətdə Səlmani.

Tüfeyli-gövhəri-zati-şərifi Adəmü aləm, Fədayi-cövhəri-cismi-lətifi bəhrivü kani.

Əmirül-mö’minin Heydər Əliyyibni-Əbitalib Ki, Cibrili-əmindir xəlvəti-vəhdətdə dərbani.

Nədir dünyavü üqba bi-rizayi-Mürtəza billah, Nə ol baqi gərək sidq əhlinə, mültəq, nə bu fani.

Müdam ol kim, bu dərgahin qamu sadatü xüddamin Sərasər cəm’i-xatir qıldın ol cəm’i-pərişani.

Məni-qafildən agah ol ki, bir kəmtər sənaxanəm, Gərək səntək sərəfrazın mənimtək bir sənaxani.

Füzuli, bu hərəm içrə şəbü ruzü gəhü bigəh, Duayi-xeyr qıl sutanə, tərk et rəsmi-nisyani.

Nə övradü dua kim, qıldı sultan asitanlarda, Qəbul olsun, budur dilşad edən yüz min müsəlmani.

* * *

Lüğət: Təriqi – hüda – hidayət yolu, doğru yol; Ərzan – ucuz; Dəni – alçaq; Əmin – inanılmış, mötəbər; Ali – Əhmədi-Muxtar – Məhəmmədin (s.ə.s.) nəsli; Şərif – şərəfli, mübarək; Xaki – tirə – qara torpaq; Can – ruh, bədən; Əşrəf – çox şərəfli; Əhli – raz – sirr əhli, sirdaş; Beyt – ev; şerin iki misrası; Müqərrər – qərara alınmış; Sayə – kölgə; Xəsm – düşmən; Ənsar – yardımçılar; Məhəmmədi Məkkədən Mədinəyə çağıran qəbilələrin böyüklərinə verilən ad; Övci – hüsn – gözəlliyin yüksək zirvəsi; Şəms – günəş; Təriq – yol; Əqran – tay-tuş; Dəşt – çöl, səhra; Qanı – hanı; Vəhdət – yalqızlıq, təklik; Ləhm – ət; Baqi – həmişəlik, qalan, daimi; Sadat – seyidlər; Kəmtər – daha az, əskik; aciz, etibarsız; Nisyan – unutmaq

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.