Bəylərin
Arif məclisində vəsfin eylərəm, Var yanımda amanatı Bəylərin. Atadan, babadan çörək sahibi, Mərdanədi əsli, zatı Bəylərin.
Elə ki, yetişdim mən otağına, Elə sandım düşdüm cənnət bağına, Müşk, ənbər düzülüb hər bucağına, İrəflərdə cavahratı Bəylərin.
Markiz, mavzer, süzən, aynalı, berdon… Səhv düşdüm sayında, doqquzdu, ya on, Meşoğunan patron, qutuynan piston, Yox kimsədən ehtiyatı Bəylərin.
Neçə padişahlar orda olub cəm, İki dərviş “yahu” deyir dəmadəm. Səddə İsgəndərdi, səxada Hatəm, Var evində xan büsatı Bəylərin.
Canım qurban olsun belə bir dosta; Mərtəbəsi hündür, nəfsi şikəstə. Müşküldə qalanlar gəlirlər bəstə, Qan bağlayır məslahatı Bəylərin.
İbrahim tək hörmət qoyur mehmana, Heydər kimi nərə çəkir düşmana, Qələm zülfiqar tək kəsir hər yana, Evlər tikir "zarafatı" Bəylərin.
Coş edən dərya tək moc verir təbi, Məddahi-mövladı, budu səbəbi. Firəng, rusi, farsı, türki, ərəbi- Beş dil ilə var savadı Bəylərin.
Ələsgər ərz etsin, sən mətləbi qan, Olmaz bu təmkində nə sultan, nə xan; Fağıra məhəbbətli, dosta mehriban, Yaxşı keçər qiyamatı Bəylərin.