Əsas məzmuna keç

Qoşma

Bəxtim qaradır

Məxdumqulu Fəraqi

1

Bu nə bəla, bu nə həsrət, nə qovğa. Rəhm edən olmadı, bəxtim qaradır. Nalə etsəm, ərzim yetməz xudaya, Rəhm edən olmadı, bəxtim qaradır.

Fələk dost olubdur alagöz ilə, Dərdimi dinləməz, desəm söz ilə, Elimi uğratdı dağla, düz ilə, Rəhm edən olmadı, bəxtim qaradır.

Koroğlu tək qeyrətimdən ayrıldım, Qocalmışam, qüvvətimdən ayrıldım, İki didəm − züryətimdən ayrıldım, Rəhm edən olmadı, bəxtim qaradır.

Şamü səhər yata bilməm farağat, Ürəyim çırpınar, könül bitaqət, Kəbəm, qibləm, qardaş oldular vəfat, Rəhm edən olmadı bəxtim qaradır.

Fələyə düşən ov qaçıb qurtulmaz, Adəm oğlu çəkən oxu atılmaz, Tənha ərin ömür adı tutulmaz, Rəhm edən olmadı, bəxtim qaradır.

Tayım-tuşum hər bir kara bulaşdı, Dostlar iraq düşdü, hicran dolaşdı, İxlasım, muradım qəmə ulaşdı, Rəhm edən olmadı, bəxtim qaradır.

Başıma şum fələk hər gün sürünər, Yalnız qalan göydə kimə güvənər, Yamanlar gözümə əziz görünər, Rəhm edən olmadı, bəxtim qaradır.

Sarvanım yol azdı, dağıldı malım, İqbalım gec durdu, getdi xəyalım,

Altmışa əzm etdi çoxalan salım, Rəhm edən olmadı, bəxtim qaradır.

Bu dünya çoxuna bibəyan oldu, Qərib əlin açdı, quru san oldu, Namərdlər mərd oldu, elə xan oldu, Rəhm edən olmadı, bəxtim qaradır.

Ah, neylək, tez ötdü igidlik çağım, Ağacım qurudu, boş qaldı bağım, Dumanı sovuldu, əridi dağım, Rəhm edən olmadı, bəxtim qaradır.

Məxdumqulu, yox huşum, yox qərarım, Boş qaldı dükanım, dağıldı varım, Ayaqlara düşdü namusum-arım, Rəhm edən olmadı, bəxtim qaradır.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.