Əsas məzmuna keç

Qoşma

Bəxt quşu hardadı hər başa qona

Zəlimxan Yaqub

2

Yaşamaq uğrunda yarışır hamı, Kim yeyin yeriyir, kim yavaş gedir. Kimi savaşdadı, kimi barışda, Gah sülh imzalanır, gah savaş gedir.

Arxanı tap ata, tap ana kimi, Dayanma o gücü tapana kimi. Bir işi yoğurub yapana kimi, Candan can üzülür, gözdən yaş gedir.

Kimi toyundadı, kimi vayında, Hərə öz hayında, öz harayında. Kimi xanım olur şah sarayında, Kimi kəniz olur, qarabaş gedir.

Nə göl var, nə də ki, yaşılbaş sona, Bəxt quşu hardadı hər başa qona. Heç nəyi çatdıra bilmirik sona, Həmi ömür gedir, həmi yaş gedir.

Uca tut mənliyi, nə yanıl, nə çaş, Hamıya verilmir həm iştah, həm aş. Xoşbəxtin bağında gül bitirir daş, Bədbəxtin dalınca qara daş gedir.

2009, 21 may

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.