Bethoven torpağında dost sazı dillənirdi
Sanki bir ceyran gəlib oylağıma, binəmə, Həsrətli bir yar kimi basdım onu sinəmə. Zilini zil elədim, bəmini bəm elədim, Sazı ağrıya əlac, dərdə məlhəm elədim. Ürəyimdə nə varsa, tellərinə yüklədim, Odunu alışdırıb, qorunu körüklədim. Dillənmək istəyirdi, yaman darıxırdı saz, Əllərimi vurantək özündən çıxırdı saz. Qalxırdı dalğa-dalğa, enirdi pərdə-pərdə, Son qoymaq istəyirdi qəmə, həsrətə, dərdə. Aran bilir, dağ bilir, yayla bilir bu sazı, Hər kəs öz taleyinə layla bilir bu sazı. Hərə öz ömrü kimi, günü kimi baxırdı, Qibləsi, səmti kimi, yönü kimi baxırdı. Sevinc-kədər qarışıq duyğular tellənirdi, Bethoven torpağında dost sazı dillənirdi.
Hansı ağacdan qopub öz kökünü anırdı, Yaralı ceyran kimi Göyçəyə, Borçalıya, Təbrizə boylanırdı. Bəlkə Qarsın, İqdırın xiffətini çəkirdi, Bəlkə Azərbaycanın həsrətini çəkirdi? Bəlkə Qarabağ idi onu belə yandıran, Havanı sızıldadıb səsi dalğalandıran? Bəlkə Tiflisdə onu bir Şahsənəm gözləyir, Ürəyində intizar, qəlbində qəm gözləyir? Parçalanmır yer nədən, silkələnmir göy nədən, Bəlkə də Ələsgərin Tapdanan məzarıdır onu belə göynədən? Bir sazın kürəyinə gör nə qədər yük düşüb, Bəlkə onun yadına Bu gün alışıb-yanan yaralı Kərkük düşüb? Neçə yaylıq islanıb göz yaşı göllənirdi, Bethoven torpağında dost sazı dillənirdi.
Burası Almaniya, bura alman torpağı. Körpəlik yaddaşımın qan udan qan torpağı. Min-min könül sazını atəş ilə qırıblar, Burda mənim xalqımın qəlbini sındırıblar. Bu yerdən üstümüzə qara kağızlar gəlib, Gözləri göynərtili, ürəyi sızlar gəlib. Əlli ildən çox keçib o gündən bu zamana, Gül kimi gəlinlərin qəddi dönüb kamana. Analar var, kirimir, hələ də ağlar qalıb, Oğullar var, canında sağalmaz dağlar qalıb. Bəlkə bu gün dinən saz – O vaxt susan sazların, boğulan avazların, Böyük müharibədə böyüməyən boyların, yasa batan toyların Heyfini almaq üçün belə aşıb-daşırdı, Bu torpaqda can verən Neçə ölməz igidin ruhu qucaqlaşırdı?! O qanlı tarixlərin Göz yaşı xatırlanır, yarası bəllənirdi, Bethoven torpağında dost sazı dillənirdi!
Havalanıb, dünyanı saz almışdı başına, Çatdırmışdı dünyanı Dədə Qorqud yaşına. Fikrin köhlən atları min illəri haqlayır, Hərə öz keçmişini kitabtək varaqlayır: Kim hansı nəsildəndi, kim hansı soydan gəlib, Kim hansı bayatıdan, kim hansı boydan gəlib? Kim sərkərdə, kim əsgər, kim ulu xaqan olub, Kimlər hansı savaşla, ölməz qəhrəman olub? Kişilik meydanında ər oğlu, ər dünyası, Yunuslar, Mövlanələr, xatirələr dünyası, Ustadlar, övliyalar, ozanlar xatırlanar, Sazın-sözün tarixi hardan başlanıb gəlir, Yazılanlar anılır, yazanlar xatırlanır. Budur sazın taleyi: Harda dinirsə dinsin, qürbətdə, ya Vətəndə, Səsə dönür boğazda, ruha dönür bədəndə. İsinir, isindirir, alışır ocaq kimi. Cücərir, yaşıllaşır, göyərir torpaq kimi. Nə deməklə tükənən, nə saymaqla bitəndi, Qərib olan kəslərə saz qürbətdə Vətəndi. Sığallanıb, sevinib, xallanıb güllənirdi, Bethoven torpağında dost sazı dillənirdi. Dost sazı dillənirdi!!!
Almaniya, Bilefild, 2004, 6 noyabr