Betər
Bir gözəl gördüm bu gün Yusifi-Kənandan betər; Gül yanaq, ayna qabaq, Huriyi-qılmandan betər; Göz görüb gül camalın, Bağrım olub qandan betər; Dərdlərə dərman edər, Hakimi-loğmandan betər; Yandırır eşqi məni Atəşi-suzandan betər.
Ay gözəl, mürvət elə, Əsli deyin yandı Kərəm; Səhrada Məcnun kimi, Leyli deyib, ah çəkərəm; Şirinin Fərhadı tək, Sahibi-səngi düsərəm; Şeyx Sənan şövqdən Söylədi: billah, kafərəm; Həsrətindən olmuşam Mən Şeyx Sənandan betər.
Hüsnün ərşin zinnəti, Qaşın hilala vermərəm; Süleyman həşəmətin Şənü cəlala vermərəm; Ləblərin şəhdi şəkər, Ləzzətdə bala vermərəm; Telinin bir muyunu Külli mahala vermərəm; Ay qabağın şöləsi Mehri-dirəxşandan betər.
Görmədim mən bir belə Gözəllər şahı, müxtəsər; Bir görüb, ayrı düşən Çox çəkər ahı, müxtəsər; Camalın xəcil eylər Şəms ilə mahı, müxtəsər, Bilmirəm, mən xəstənin Nədi günahı, müxtəsər; Başımdan aşan dərdim Eyləyir tüğyandan betər.
Ələsgər, bir fəhm elə, Gözəllər sərdarıdı bu; Hüsndə Züleyxa tək Firiştə kirdarıdı bu; Yer üzündə varmı tayı, Görən, kimin yarıdı bu? Dəhanı gül qönçəsi, Dəndanı mirvarıdı bu; Ləblərin ləzzəti var, Kövsəri-rizvandan betər.