Beşik
Keçsə də fəsillər, ötsə də illər, Hələ çox köhnəlib əldən düşməyib. Sozalıb baxışlar, yorulub dillər, Onun söz-söhbəti dildən düşməyib.
Yatmışam bir zaman dar qucağında, Bağlanıb qollarım bələklə mənim. Ömrümün-günümün körpə çağında Oxşayıb ruhumu küləklə mənim.
Gün keçir, ərisin qəm də, qəhər də, Həsrəti bələklə boğulsun gərək. O beşik qalmasın durduğu yerdə, Yeni bir körpə də doğulsun gərək.
Qaynar ürəyində neçə arzu-kam, Gör nələr eyləyir həvəsi üçün. Mən yatan beşiyi saxlayır anam, Hələ yaranmamış nəvəsi üçün.
1974, 18 dekabr