Bəsdir, məni gəl çıxarma özümdən
Nə gücüm var, nə dözümüm, nə səbrim, Bəsdir, məni gəl çıxarma özümdən. Allahımı, vallahımı unutdum, Bəsdir, məni gəl çıxarma özümdən.
Bu, güləşdi, yıxılmışam, yıxmışam, Axır gəlib meydanına çıxmışam, Dişlərimi bir-birinə sıxmışam, Bəsdir, məni gəl çıxarma özümdən.
Çaya dönsən, çırmalanıb keçərəm, Dəniz olsan, ovuc-ovuc içərəm, Birdəfəlik varlığına keçərəm, Bəsdir, məni gəl çıxarma özümdən.
Bir səs ilə sonalansın könlüm hey, Yeri-göyü yandırmasın çölüm hey, Bu savaşdı, öldürüm hey, ölüm hey, Bəsdir, məni gəl çıxarma özümdən.
Qiymətimi axır bilib çıxmısan, Dağı yarıb, daşı yarıb çıxmısan, Əlli ildən sonra gəlib çıxmısan, Bəsdir, məni gəl çıxarma özümdən.
Güclülərə güc gəlməyin mübarək, Tərs boylanıb, öc gəlməyin mübarək, Taleyimə gec gəlməyin mübarək, Bəsdir, məni gəl çıxarma özümdən.
1999, 7 yanvar