Bərbəzək götürmür tarixin dili
Eyfel qülləsindən Parisə baxdım, Həqiqət donunda nağıl göründü. Hansı gözəlliyə gözüm baxdısa, Orda bir istedad, ağıl göründü.
Tanrıdan belə bir şəhər istəsin, Hər kim Yaradana ərk edə bilsə. Mən Allah deyərdim böyüklüyünə, Kim bu möcüzəni dərk edə bilsə.
Misir ehramları, Çin xaqanları, Yunan heykəlləri burda görüşür. Leonardonun da, Pikassonun da Sehrkar əlləri burda görüşür.
Hüqo da burdadı, Balzak da burda, Ölü yox, diritək gördüm onları. Qılınc da tarixdi, qələm də tarix, Yazıb yaddaşına Napolyonları.
Dilmancın özün ol, bacara bilsən, Dil üçün heç kəsdən istəmə yardım. Fransız dilində danışa bilsəm, Luvru fırça-fırça danışdırardım.
Bərbəzək götürmür tarixin dili, Sən ki bu gedişdən bir az halısan! Parislə dil tapıb danışmaq üçün, Allahın dilində danışmalısan!!!
1999 Paris