Bənzəyə
Ana yurdun hər daşına bələdəm, Bulaq varmı bulağına bənzəyə. İnanmıram, yad ocağı yüz olsa, Bir ananın qucağına bənzəyə.
Gülə bilməz nəsillərin üzünə, Quru yerin astarı nə, üzü nə. Düz istərəm Qarabağın düzünə, Dağ istərəm Şahdağına bənzəyə.
Bir bağbanam, damağımda bar dadı, Bərəkətim torpaq verən bardadı. Elə dəniz, elə sahil hardadı, Göy Xəzərin qırağına bənzəyə.
Hər gözəllik qanadıdır sənətin, Görüşü xoş, ayrılığı çox çətin. Nə həddi var əfsanəvi cənnətin, Azərbaycan torpağına bənzəyə!