Əsas məzmuna keç

Qoşma

Bənzətmə

Zəlimxan Yaqub

3
Şair dostum Musa Yaquba

Qardaşıma bir bənzətmə tapmışam, Musa Yaqub dağ kəlinə bənzəyir. Başı zirvə, döşü yamac, özü dağ, Şeriyyətin heykəlinə bənzəyir.

Qızıl qaya, yaşıl çəmən, göy meşə, Qayalarda baş-başadır, döş-döşə. Kövrələndə boynu bükük bənövşə, Kükrəyəndə dağ selinə bənzəyir.

İlham ona, o ilhama anadı, Təbiətdi duyğusunun qanadı. Nəğmələri sığallanmış sonadı, Hər misrası bir gəlinə bənzəyir.

Bir çiçəkdi, təravətin dilidi, Halallıqdı, ləyaqətin dilidi. Danışdığı təbiətin dilidi, Süleymanın quş dilinə bənzəyir.

Acı deyil şan-şöhrətin, ad-sanın, Dalğasıdı söz adlanan dəryanın. Bir gözü tox balasıdı Şirvanın, Öz yurduna, öz elinə bənzəyir!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.