Bənzər
Oba ucundakı təpə Yəhərlənən ata bənzər, Ağılsız ərlər zər ilə Yazılan bəd xəttə bənzər.
Bu dünya bir dibsiz dərya, Qərq edər, olma bipərva. Məğrur olma mali-dünya, Gəzəkli növbətə bənzər.
Qardaşsıza qüvvət yoxdur, Oğulsuza dövlət yoxdur, Əyalsıza işrət yoxdur, Xoş günü həsrətə bənzər.
Yamandan yaxşı səd olmaz, Əsli yaxşıdan bəd olmaz, Dünyalıqdan dövlət olmaz, Oğul çın dövlətə bənzər.
Bürc ilə duz təzə yara, Ağı qatar ruzigara, Yaman xatın yaxşı ərə Sovulmaz töhmətə bənzər.
Yatan yeri ilan qoynu, Asılanı itin boynu, Pis ərin yaxşı xatını Dürri-biqiymətə bənzər.
Məxdumqulu, namuradam, Ellər xoşdur, mən naşadam, Söz mənasın qanmaz adam Bir quyruqsuz itə bənzər.