Əsas məzmuna keç

Heca şeiri

Bəndənin Allaha duası anam

Zəlimxan Yaqub

1

Yaman darıxırsan kənddən ötəri, Səni yaman çəkir bu kənd yolları. Üzür ürəyini illərdən bəri, Ömrün bir-birinə peyvənd yolları.

Dua, gözmuncuğu, üzərlik, nəzir, Məni hər xətərdən qoruyan anam. Bütün ömrü boyu mənə müntəzir, Yolumda ağactək quruyan anam. Könlümü qüssədən, gözümü yaşdan, Ruhumu əzabdan, başımı daşdan, Qəlbimi kədərdən qoruyan anam.

İxtiyar çağında, kövrək günündə, Mən necə qoruyum səni, bilmirəm, Acizəm zamanın, vaxtın önündə. Bir əsim küləyə çevirə bilsəm, Qalxarmı gözlərin çəni, bilmirəm.

Bu, dərman deyil ki, alam gətirəm, Bu, həkim deyil ki, çağıram, gələ. Vaxtı dayandıran, anı saxlayan, Bir oğul anadan olmayıb hələ.

Səni qocalığa çəkir ömür-gün, Gözümün işığı, şüası anam. Oğlunu nəzərdən qorumaq üçün, Bəndənin Allaha duası anam.

Sevgiylə yaşadıq vaxtı, vədəni Mən əlli, sən yetmiş yaş arasında. Gözümdən uzağa qoymaram səni, Ölüm var göz ilə qaş arasında.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.