Əsas məzmuna keç

Heca şeiri

Bələkdən təzəcə açılan uşaq

Zəlimxan Yaqub

1

Bələkdən təzəcə açılan uşaq, Allahın bir parça işığı, nuru. Varlığı kök üstə yaşıl bir budaq, Baxışı çeşmənin gözündən duru.

Bələkdən təzəcə açılan uşaq, Dumduru arzudu, tərtəmiz dilək. Qanında qorxu yox, canında sazaq, Qüsursuz xilqətdi, günahsız mələk.

Əlləri bənzəyir körpə quşlara, Hələ əllərinə tikan batmayıb. Ağzı dirənməyib sərt yoxuşlara, Hələ ayağını daş qanatmayıb.

Bozarmış üzləri görməyib hələ, Yanaq tül kimidi, dodaq gül kimi. Məkrli gözləri görməyib hələ, Çırpınır sevdalı bir könül kimi.

Qanqala dönəcək gözündə güllər, Nə zaman görsə ki, tapdandı haqlar. Hələ cənnətdədi, zaman gələcək, Cəhənnəm odunda yandıracaqlar!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.