Belə qocalasan
Ya Qoşqar olasan, ya da Şahdağı, Belə ucalasan, ucalanda da! Borandan, tufandan, qardan, yağışdan, Belə bac alasan, bac alanda da!
Səni deyib gələ quşlar yuvadan, Adın misal qala dədə-babadan. Vətəndən, torpaqdan, eldən-obadan, Belə güc alasan, güc alanda da!
Hər əsən küləklə yarışmayasan, Toz olub yerlərə qarışmayasan, Alçaq əməllərlə barışmayasan, Belə öc olasan, öc olanda da!
Olsa da canında qüvvətdən maya, Döşünə döyməmiş nə daş, nə qaya. Şöhrət gözlərini qamaşdırmaya, Başında Günəşdən tac olanda da!
Eşqinlə hər gecə bir gündüz ola, Sevincin birdisə, arta yüz ola. Özün haqq olasan, sözün düz ola, Yollar əl-ətəkdə, gec olanda da!
Şimşək nərəsini məzə biləsən, Bu köhnə dünyanı təzə biləsən. Öz qaya səbrinlə dözə biləsən, İstəyin ləngiyib gec olanda da!
Zəlimxan, dağlara təpə gülməyə, Qaya parçalanıb, daş tökülməyə. Başa qar yağsa da, bel bükülməyə, Belə qocalasan qocalanda da!